Gözləyin...

Ay ərzində nə qədər kəşbek qazanmaq olar ? - Bankların “kəşbek” limitləri

Məqalələr 27 December 2023

Bank kartları üzrə kəşbeklər istifadəçilərə əlavə üstünlüklər təqdim edən xüsusiyyətdir. Bununla belə, bu üstünlüklərdən istifadə edərkən nəzərə alınmalı olan bəzi məhdudiyyətlər var.  Kart sahibləri bu limitləri mütəmadi olaraq yoxlayaraq və öz banklarının siyasətlərinə əməl etməklə öz üstünlüklərindən maksimum yararlana bilərlər.  Bu məhdudiyyətlər, bank tərəfindən qəbul edilmiş qaydalar və şərtlərə görə dəyişir. 

Banker.az bankların kəşbek qazanılmasına qoyduğu limiti araşdırıb.

Aylıq limit:

Bir çox bank müştərilərin hər 1 ay ərzində əldə edə biləcəkləri maksimum kəşbek məbləğini təyin edir. Məsələn, ay ərzində 50 manatdan çox kəşbek əldə etmək mümkün olmaya bilər.

Kateqoriya limiti:

Bəzi kartlar müştərilərin xüsusi kateqoriyalarda (market, YDM, restoran, texnika və s.) tətbiq edilən limitlərlə kəşbek qazanmalarına imkan verir.

ABB TamKart* -  Faydalı keşbek üçün aylıq maksimal limit 100 AZN-dir. Topladığınız Faydalı keşbek-lər anında ABB mobile-da keşbek balansınıza köçürüləcək. 1 əməliyyatdan maksimum qazanıla biləcək keşbek məbləği 30 AZN-dir. Faydalı keşbek paketi aktivləşdirildiyi təqdirdə, istənilən TamKart kartı üçün standart 1-1.5% keşbek hesablanması dayandırılıb, əvəzində 6 kateqoriyada yüksək faizli keşbek hesablanacaqdır. Faydalı keşbek üzrə kateqoriya seçimi aylıq yenilənir. Keşbek balansı 10 AZN- dən çox olduğu halda köçürmə etmək mümkündür. Əməliyyatın minimal məbləği 1 AZN təşkil edir. Vəsaiti yalnız Sizə məxsus ABB kartınıza (Pensiya, Sosial, ƏDV və Biznes/Korporativ kartları istisna olmaqla) köçürə bilərsiniz.

Bank of Baku Bolkart* - Dövriyyə tələbi olmadan debet kartlar üzrə 3% keşbek əldə edə bilərsiniz. “Dostbank” mobil tətbiqi vasitəsi ilə aparılan əməliyyatlar üzrə kəşbek hesablanmır. Ay ərzində hər bir müştəri maksimum 100 AZN keşbek qazana bilər. 0.01 AZN-dən az olan keşbek məbləğləri nəzərə alınmır. Keşbek dərhal balansa oturur. Kateqoriya üzrə limit yoxdur.

Kapital Bank Birbank Cashback* - Keşbek kateqoriyaları üzrə aylıq limit 50 AZN-dir. Limit seçəcəyiniz hər 2 kateqoriyaya birlikdə tətbiq olunur, “Bütün ödənişlər 1.5%” təklifi isə istisnadır. Çünki bu kateqoriya üçün limit  500 AZN təşkil edir. Nümunə: “Market - 3%” və “Bütün ödənişlər 1.5%” təkliflərini seçdikdə “Market - 3%” kateqoriyasından 3% ilə 50 AZN keşbek qazanmaq mümkündür. Limitə çatdıqdan sonra həm market, həm də digər bütün sahələrdə ödənişlərdən 1.5% ilə keşbek qazanmağa davam edəcəksiniz. Keşbek kateqoriyaları hər ay yenilənir. Keşbek dərhal balansa oturur.

Bank Respublika  Neokart* - Keşbek üzrə aylıq maksimal məbləğ 300 AZN təşkil edir və bu yalnız keşbek komponentinə aiddir. Keşbek balansı ötən ayın əməliyyatları üzrə formalaşır. Toplanmış bonusları hər növbəti ayın 5-dən sonra həmin ayın sonunadək keşbek məbləğinə dəyişmək mümkündür. Qalıq bonusu isə silinmir və 2 il müddətində digər komponentlərə (Mil/Dəqiqə/Mobil internet) dəyişə bilərsiniz. Kateqoriya üzrə limit yoxdur. 

Paşa Bank akart* - Kateqoriya seçimi, minimal dövriyyə tələbi olmadan bütün supermarketlərdə 5% keşbek hesablanır. Keşbek üzrə aylıq maksimal məbləğ 100 AZN təşkil edir. Hər kateqoriyada qazanılacaq maksimum aylıq cashback 25 AZN təşkil edir. Əlavə olaraq gün ərzində hər bir kateqoriyada 5 əməliyyat üzrə cashback qazanmaq mümkündür. Keşbek dərhal balansa oturur.

Leobank* - Hər ayın birindən etibarən 6 keşbek kateqoriyası təqdim olunur və onlardan sizə uyğun ikisini seçib və seçdiyiniz kateqoriyalar üzrə keşbek əldə edə bilərsiniz, keşbek həmən dəqiqə keşbek balansına köçürülür. Hər ay maksimum 50 manat keşbek yığa bilərsiniz. Keşbek kateqoriyaları hər ay yenilənir. Keşbek balansınız 10 manata çatdıqda, həmin vəsaiti əsas balansınıza köçürə bilərsiniz.

Yelobank Yelo Light* - Ümumi əldə edə biləcəyiniz keşbek 200 AZN edir. Seçilmiş iki kateqoriya üzrə aylıq limit 100 AZN təşkil edir.  Ödəniş daxil olduqdan sonra 3-5 iş günü ərzində keşbek balansında əks olunur. Yalnız YDM kateqoriyası üzrə qazanılan yüksək cashback məbləği üçün aylıq 10 AZN məbləğində limit təyin edilib. Yelo Light və Yelo Premium kartında 10 AZN cashback hesablandıqdan sonra YDM ödənişləri Yelo Light 0.5%, Yelo Premium 1% ilə hesablanır.

Rabitəbank Kartmane* - ApplePay və GooglePay ödəniş sistemləri vasitəsi ilə aparılan ödənişlərə görə 5% keşbek, kart ilə aparılan ödənişlərə görə isə 1.5% keşbek hesablanır. Kateqoriya üzrə maksimal qazana biləcəyiniz keşbek məbləği – 30 AZN, maksimal aylıq keşbek məbləği 200 AZN  təyin edilir. Rabita Mobile ilə aparılan əməliyyatlara görə keşbek hesablanmır.

AccessBank myCard* - Keşbek üzrə kateqoriya ayda 1 dəfə seçilir və növbəti ayda dəyişdirilə bilər. Seçilən kateqoriyada müştəri digər nağdsız alış-veriş əməliyyatlar üzrə də keşbek alır ( 0,5%).  Kəsbek üzrə maksimal aylıq məbləğ 50 AZN-dir. Əməliyyatlar üzrə keşbek yalnız əməliyyat üzrə plan müştəri tərəfindən icra edildikdə növbəti ayın 5-i ödənilir.

XalqBank XalqKart Cashback* - Cari ay ərzində hesablanmış keşbeklər həmin ayın sonuncu iş günü müştərinin kart hesabına köçürülür. Aylıq minimal keşbek məbləği 30 AZN, aylıq maksimal keşbek məbləği 300 AZN-dir. 

Telegram kanalımıza abunə ol