Gözləyin...

Hansı banklar daşınmaz əmlak təminatlı kredit verir?

Məqalələr 11 January 2024

Daşınmaz əmlak girovlu kreditlər  rəsmi iş yeri olan və istehlak məqsədilə yüksək məbləğdə kredit əldə etmək istəyən şəxslər üçün nəzərdə tutulub. Banka kredit üçün müraciət edən müştəri heç bir gəlir mənbəyi göstərə bilmədikdə, daşınmaz əmlak təminatlı kredit  üsulu tətbiq edilir.  
Girov üçün təklif olunan daşınmaz əmlak müştərinin özünə və ya birinci dərəcəli yaxınlarına məxsus olmalıdır. Bu zaman kredit mütəxəssisi tərəfindən araşdırma aparılır və ekspert daşınmaz əmlakın bazar dəyərini müəyyən edir. Kredit məbləği isə daşınmaz əmlakın bazar dəyərindən aşağı olur.  
Bir çox kredit məhsullarında olduğu kimi daşınmaz əmlak təminatlı  kreditlərdə də müsbət cəhətlər var. İlk növbədə   daimi gəliriniz varsa, lakin kifayət qədər deyilsə, hər cür daşınmaz əmlakı girov kimi göstərərək kredit götürə bilərsiniz. Digər müsbət cəhət ondan ibarətdir ki, zamin tələb olunduğu hallarda bank sizdən əmlakın dəyərinə görə zamin istəməyə bilər. Belə hallarda çox çətinlik çəkmədən kreditinizi qısa müddətdə ala bilərsiniz.  
Banker.az  daşınmaz əmlak təminatlı kreditləri və şərtlərini araşdırıb.  
AccessBankda 10 000 manatdan 70 000 manatadək məbləğdə, illik faiz dərəcəsi 18%-dən başlayan, 12 -59 ay müddətində, 1% komissiya ilə  kredit əldə edə bilərsiniz. Kredit məbləği və hesablanan bütün faizlər girov qismində qoyulan daşınmaz əmlakın bazar dəyərinin 50%-i keçməməlidir.  
AFB-də   təminatlı istehlak krediti 5 000 manatdan 80 000 manatadək, 14%-dən başlayan illik faiz dərəcəsi ilə 1-2% komissiya ilə, 3-60 ay müddətinə  təklif  olunur.  

ASB -də 75 000 manatadək məbləğ,  13%-dən başlayan illik faiz dərəcəsi ilə, 48 ayadək müddətdə, 0.5% komissiya ilə girovlu ehtiyac krediti təklif olunur. Verilən kredit üçün kreditin 150%-i dəyərindən az olmayaraq Daşınmaz Əmlak girovu tələb olunur. Əlavə olaraq girov sahibinin zaminliyi alınır. 


Bank of Bakuda daşınmaz əmlak krediti 500 manatdan 100 000 manatadək  məbləğdə,  17%-dən başlayan illik faiz dərəcəsi ilə, 36 ayadək müddətdə, 1% komissiya ilə təklif olunur. Bütün özəl və dövlət müəssisələrdə çalışan şəxslər, təqaüdçülər və (və ya) ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər  müraciət edə bilər.  Daşınmaz əmlak (mütləq), fərdi hallarda digər təminat növləri (daşınar əmlak, üçüncü şəxsin zaminliyi, qızıl-zinət əşyaları və s.)  kreditin təminatı kimi çıxış edə bilər  

Bank Respublikda  50 000 manatadək məbləğdə (əmlakın dəyərinin maksimum 70%-i), 23%-dən başlayan illik faiz dərəcəsi ilə, 36 ayadək müddətdə, minimum 1% komissiya ilə daşınmaz əmlak kreditini əldə edə bilərsiniz. Zamin tələb olunmur. Girov kimi borcalanın öz adına olan  daşınmaz əmlak və ya mənzil çıxış edə bilər.  

Kapital Bankda daşınmaz əmlak təminatlı kredit 15 000 manatdan 100 000 manatadək məbləğdə, 15%-dən başlayan illik fazi dərəcəsi ilə, 5 ilədək müddətdə təklif olunur. Təminat kimi qoyulacaq əmlak fərdi yaşayış evi,  bağ evi, binada mənzil ( 1970-ci ildən yeni tikilən) və qeyri yaşayış sahəsi ola bilər. Daşınmaz əmlak Bakı, Sumqayıt şəhərləri və ya Abşeronda yerləşməlidir.Kreditin məbləği daşınmaz əmlakın maksimal 65% həcmində veriləcək.  Girov (ipoteka) predmeti Abşeron, Pirallahı və Qaradağ rayonları ərazisində yerləşərsə KTN əmsalı 50% müəyyən olunur.


TuranBank-da 5000 manatdan 100 000 manatadək məbləğdə, 14%-dən başlayan illik faiz dərəcəsi ilə, 59 ayadək müddətdə, 1% komissiya ilə daşınmaz əmlak təminatlı kredit əldə edə bilərsiniz. Kənd təsərrüfatı tayinatlı torpaqların və tikililərin təminat qismində girova qəbul edilməsi qadağandır.  


NaxçıvanBank-da  100 000 AZN-dək məbləğdə, 16%-dən başlayan illik faiz dərəcəsi ilə, 48 ayadək müddətdə, 1% komissiya ilə daşınmaz əmlak girovu ilə kredit əldə edə bilərsiniz. 
 
Rabitəbankda 200 000 manatadək məbləğdə, 18% -dən başlayan illik faiz dərəcəsi ilə, 48 ayadək müddətdə, 1% komissiya ilə daşınmaz əmlak təminatlı kredit əldə edə bilərsiniz.   


Yapı Kredi Bankda 15 000 manatdan başlayan daşınmaz əmlak kreditini Yapı Kredi Banka təkrar müraciət edən müştərilər 8%-dən,  yeni müştərilər isə 9%-dən başlayan illik faiz dərəcəsi ilə əldə edəbilərlər. Kreditin müddəti 60 aydan 120 ayadəkdir. İlkin ödəniş kimi 30% (birinci/ilk mənzil alışı zamanı - 15%-dən başlayaraq) tələb olunur.  
Yelobankda 5 000 manatdan 100 000    manatadək məbləğdə, 14%-dən başlayan illik faiz dərəcəsi ilə, 12 aydan 54 ayadək müddətdə,  0% komissiya ilə  daşınmaz əmlak girov krediti təklif olunur. Girov kimi  göstərilən əmlak mənzil , bağ evi, ticarət obyekti ola bilər. Girov borcalanın və yaxud 1-ci dərəcəli qohumlarının (ər/arvad, valideyin (həmçinin övladlıqa göturənlər), övladların (həmçinin övladlığa götürülmüş), bacı, qardaş, nənə, baba, ər/arvadın valideyinləri (həmçinin qəyyumları)) adında olmalıdır. Minimal əməkhaqqı 500 AZN-dir.



 

Telegram kanalımıza abunə ol